İqtisadiyyatda dirçəliş
Yazar: tamerlanbey
H.Aliyevin neft strategiyası tekce iqtisadiyyatı deyil, bütövlükde can Azerbaycanı dirçeltdi!

Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü, ictimai-siyasi sabitliyinin pozulması, ölkədə rəhbərliyin tez-tez dəyişməsi nəticəsində 90-ci illərin əvvəllərindən etibarən iqtisadiyyatın əksər sahələrində istehsalın tənəzzülü başlamış və bu proses getdikcə dərinləşərək xroniki səciyyə almışdı.
Prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərək Heydər Əliyev iki halı xüsusi qeyd etmişdir: "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".
1993-cü ilin yarısından başlayaraq, aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafına mahiyyətcə yeni mərhələnin təməli qoyuldu. Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.
İqtisadi islahatların mühüm istiqaməti olan özəlləşdirmə prosesi uğurla həyata keçirilmişdir. Özəlləşdrmə prosesi başlayandan 2003-cü il yanvarın 1-dək ümumi dəyəri 549,8 milyard manat olan 36,9 min kiçik müəssisə və obyekt, o cümlədən 711 sənaye, 120 kənd təsərrüfatı müəssisəsi, 351 tikinti təşkilatı, 2911 ticarət, 9641 məişət xidməti, 576 yanacaqdoldurma məntəqəsi, 16,5 min nəqliyyat müəssisəsi və nəqliyyat vasitələri, 92 kommunal təsərrüfatı obyekti və 5,2 min digər obyekt və avadanlıq özəlləşdirilmişdir.
2003-cü ilin əvvəlinədək nizamnamə kapitalı 5331,3 milyard manat olan 1486 dövlət müəssisəsi səhmdar cəmiyyətinə çevrilmişdir.






